Zorakılıq yaşayan insana necə kömək etmək olar?
Bəzən biz öz ətrafımızdakı qadınlarda, məsələn, qonşumuzda, dostumuzda, qohumumuzda və ya iş yoldaşımızda zorakılığın incə, amma çox aydın izlərini görürük. Qorxu dolu baxışlar, ani diksinmələr, daimi gərginlik, göz yaşını gizlətmək və ya izah olunmayan yaralar...
Çox vaxt bu əlamətlər bizə nəyinsə qaydasında olmadığını göstərir. Təəssüf ki, bu kimi hallarda “Ailə məsələsidir, qarışmaq olmaz” ifadəsi çox istifadə olunur.
Bu cümlə, əslində, zorakılığı ən çox gücləndirən, qadınları ən çox tək qoyan bir davranış nümunəsidir.
1. Onu dinlə və inan, həmin qadın səsinin duyulduğunu hiss etsin.
Zorakılıq yaşayan qadın danışmağa cəhd edirsə, bu artıq böyük bir addımdır. Onun yaşadıqlarına inanmaq, onu dinləmək və tək olmadığını hiss etdirmək ən dəyərli dəstəkdir
Tənqid edərək “Niyə dözürsən?”, “Niyə ayrılmırsan?”, “Bəlkə, sən nəsə etmisən?” kimi ifadələr işlətmək o qadını daha çox susduracaq.
Əksinə, dəstək olub “Sənin yanındayam”, “İstəsən, birlikdə kömək axtara bilərik”, “Sən heç nəyə görə günahkar deyilsən” kimi danışa bilərsən.
2. Onu ittiham etmə.
Qadınların çoxu zorakılıqdan çıxmaq istəsələr də, qorxudan, iqtisadi çətinlikdən, uşaqların təhlükəsizliyindən və ya təhdidlərdən dolayı dərhal addım ata bilmirlər. Bu, zəiflik deyil. Qadının qərarlarına hörmətlə yanaş, ona təzyiq etmə, sadəcə yanında olmağa çalış.
3. Təhlükəsizlik planı qurmağa kömək et.
Zorakılıq yaşayan insan üçün təhlükəsizlik hər şeydən önəmlidir. Sadə, amma faydalı suallar verə bilərsən:
- Təhlükə anında zəng edə biləcəyi biri varmı?
- Telefonunu təhlükəsiz yerdə saxlaya bilirmi?
- Evdə uşaqlar üçün təhlükəsiz yer varmı?
- Ehtiyac olsa, birlikdə haraya gedə bilərsiniz?
4. Yardım xidmətləri haqqında məlumat ver.
Bəzən qadın haraya müraciət edəcəyini bilmir, ya da qorxudan addım ata bilmir. Sən ona yol göstərə bilərsən:
- “116111 Qadın Dəstək Xətti”
- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
- Polis idarələri və şöbələri (102)
- İcra Hakimiyyətləri
- Sosial Xidmətlər Agentliyi
- Yerli QHT-lər və qadın sığınacaqları
Əlbəttə ki, zorakılıq barədə bu qurumlara məlumat vermək kiminsə həyatını xilas edə bilər.
Bir qadın özünün tək olmadığını hiss etdikdə çıxış yolu tapmağı daha çox mümkün olur.
Odur ki şahid olduğumuz zorakılığa göz yummaq, susmaq bəzən zorakılığın özündən daha dağıdıcı ola bilər. Amma sənin sadə bir dəstəyin, bircə cümlən bir qadının həyatını dəyişə, bəlkə də, xilas edə bilər.